BAKI, 28 iyun. TELEQRAF

Kiprdə Britaniyanın hərbi bazalarının yurisdiksiyasına daxil olan ərazidə bir ailənin iki uşağı avtomobilin salonunda ölü vəziyyətdə aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Phileleftheros" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 18:00 radələrində məlum olub. Uşaqların meyitləri Larnaka vilayətinin Ksilofaqu kəndi yaxınlığında, Dekeliya hərbi bazasının ərazisində yerləşən sahədə dayanmış kilidli avtomobildə tapılıb.

Hadisə ilə bağlı araşdırmanı Britaniyanın Dekeliya hərbi bazasının polisi aparır. Hüquq-mühafizə orqanlarının əməkdaşları uşaqların yaşadığı evdə də istintaq tədbirləri həyata keçirirlər.

İlkin ehtimala görə, uşaqlar boğulma nəticəsində ölüblər. Onların günəşin təsiri nəticəsində yanıq xəsarətləri də aldıqları bildirilir. Ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.