BAKI, 28 iyun. TELEQRAF

Fransanın paytaxtı Parisdə anomal isti hava şəraiti fonunda son 24 saat ərzində 109 nəfərin ölümü qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə "Franceinfo" təcili tibbi yardım xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, iyunun 26-da paytaxtda havanın temperaturu təxminən 39 dərəcəyə çatıb. Həmin gün ərzində 109 ölüm faktı qeydə alınıb. Bu göstərici ilin eyni dövrü üzrə orta hesabla qeydə alınan yeddi ölüm halından xeyli çoxdur.

Məlumata görə, statistikaya yalnız təcili tibbi yardım əməkdaşlarının evlərdə və ictimai yerlərdə qeydə aldığı ölüm halları daxildir. Xəstəxanalarda baş verən ölümlər isə bu rəqəmlərə daxil edilməyib.

Xidmətin açıqlamasına əsasən, həmin müddətdə təxminən 3,4 min çağırış daxil olub, 30 nəfərdə ürək dayanması qeydə alınıb. Həkimlərdən biri hipertermiyadan əziyyət çəkən pasiyentdə bədən hərarətinin 43,7 dərəcəyə yüksəldiyini də bildirib.

Qeyd edək ki, daha əvvəl Fransada isti hava şəraiti səbəbindən dörd uşağın həyatını itirdiyi açıqlanmışdı.