BAKI, 28 avqust. TELEQRAF
İranın Ali rəhbəri Müctəba Xamenei milli birliyin və sosial həmrəyliyin qorunmasının vacibliyini vurğulayaraq, sosial həmrəyliyə xələl gətirən hər hansı hərəkət və ya bəyanatın qadağan olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Xameneninin Hökumət Həftəsi münasibətilə yaydığı müraciətdə qeyd olunur.
Xamenei ümidi sarsıdan və milli, eləcə də ictimai motivasiyanı zəiflədən bəyanatlardan, eləcə də "müharibə və ya danışıqlar", "konsensus və ya ekstremizm", "kompromis və ya müharibəpərəstlik" kimi nümunələrlə ifadə olunan ikili seçimlərdən çəkinməyə çağırıb.
"Mən qəti şəkildə bəyan edirəm ki, sosial birliyə zərər vuran hər hansı hərəkətin edilməsi qadağandır", - deyə vurğulayıb.
O, administrasiyanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib, yerli istehsalı dəstəkləməyin, gənc innovatorların potensialından istifadə etməyin, mədəniyyət və təhsilə diqqət yetirməyin vacibliyini vurğulayıb. Xamenei hökumətin gücləndirilmiş sanksiyalar və ABŞ və İsrailin zərbələrinə baxmayaraq, zəruri mal və xidmətlərin təmin edilməsi, əsas infrastrukturun bərpası və enerji təchizatının idarə olunması səylərini təqdir edib.
Ali lider qeyd edib ki, çatışmazlıqları qabartmaq əvəzinə, planlaşdırma və praktiki tədbirlər vasitəsilə aradan qaldırmaq lazımdır. Onun fikrincə, ölkənin düşmənlərinin ictimai əhval-ruhiyyəni sarsıtmağa çalışdığı bir vaxtda müəyyən daxili zəifliklərin açıq şəkildə müzakirə edilməsi düşməni gücləndirə, həmçinin İranın dostları və tərəfdarları arasında narahatlıq və çaşqınlıq yarada bilər.
O, həmçinin inflyasiya, işsizlik, qiymətlərin idarə olunması və bazarlarının tənzimlənməsi daxil olmaqla, iqtisadi və sosial rifahla bağlı çətinliklərin həlli istiqamətində ciddi tədbirlər görülməsinə çağırış edib.