BAKI, 29 avqust. TELEQRAF
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya səfəri və apardığı danışıqların detalları Vaşinqtonun Avropadakı müttəfiqlərinə açıqlanmayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi avropalı rəsmilərə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Avropadakı müttəfiqlərdən heç biri ABŞ tərəfindən Retkliffin Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkinlə keçirdiyi danışıqların məzmunu barədə məlumatlandırılmayıb.
Buna görə də Avropa rəsmilərinin CIA rəhbərinin Moskvaya səfərinin məqsədləri ilə bağlı qiymətləndirmələri öz kəşfiyyat məlumatlarına, eləcə də Vaşinqtonun oxşar vəziyyətlərdə adətən necə hərəkət etdiyinə dair təsəvvürlərə əsaslanır.
“Bloomberg” qeyd edir ki, NATO ölkələri son aylarda yanlış hesablamalar və anlaşılmazlıqlar riskini azaltmaq məqsədilə Rusiya ilə kəşfiyyat xidmətləri və hərbçilər səviyyəsində təmasların genişləndirilməsi zərurətini müzakirə edirlər.
Qeyd edək ki, Con Retkliff avqustun 25-də Moskvaya səfər edib. Kremlin sözçüsü Dmitri Peskov səfərin Rusiya və ABŞ xüsusi xidmət orqanları arasındakı təmaslarla bağlı olduğunu açıqlayıb.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də Retkliffin Moskvada olduğu müddətdə onunla görüş keçirdiyini təsdiqləyib.