BAKI, 8 iyun. TELEQRAF
İran ABŞ ilə danışıqlarda Vaşinqtonla münasibətlərini normallaşdırmaq əvəzinə, müharibəyə son qoymağa və Yaxın Şərqdə təhlükəsizliyi təmin etməyə çalışır.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib.
O, özünün Telegram kanalında İran xalqına etdiyi müraciətində bildirib: "Məqsədimiz ABŞ ilə münasibətləri normallaşdırmaq deyil, müharibəni bitirmək və uzunmüddətli təhlükəsizliyi təmin etməkdir. Eyni zamanda, biz qarşı tərəfə etibar etmirik. Biz düzgün vaxtda döyüşəcəyik və başqa vaxt danışıqlar aparacağıq".
İran parlamentinin sədri vurğulayıb ki, son gərginliyə səbəb olan ABŞ və İsrailin birgə hərəkətləri olub. "ABŞ prezidentinin memorandumla bağlı açıqlamaları razılaşdırılmış məqamlarla ziddiyyət təşkil edir və onların atəşkəsə və ya dialoqa sadiq olmadığını nümayiş etdirir və biz İran xalqının hüquqlarının müdafiəsi üçün qətiyyətli şəkildə cavab verməli olduq", - deyə o qeyd edib.
Qeyd edək ki, 7 iyun axşamı İran İsrailin hərəkətlərinə cavab olaraq Şimali Livana raket zərbələri endirib. Tehran əvvəllər Livan paytaxtına hücum edəcəyi təqdirdə İsrailə zərbə endirəcəyi barədə xəbərdarlıq etmişdi. 8 iyun gecəsi yəhudi dövləti İrana qarşı qisas hücumu başladaraq ölkənin qərb və mərkəzi bölgələrindəki hərbi obyektləri hədəf alıb. Nəticədə Xuzistan əyalətindəki neft-kimya zavodunun obyektlərinə ziyan dəyib.