BAKI, 8 iyun. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Keir Starmer 16 yaşdan kiçik uşaqlar üçün zərərli onlayn platformaların istifadəsinə qadağa qoymaq, eyni zamanda bəzi daha təhlükəsiz sosial şəbəkə növlərinə çıxışı qoruyub saxlamaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Starmer uşaqlarını itirən valideynlərlə danışdıqdan sonra Avstraliyanın təcrübəsini Britaniyada da tətbiq etmək qərarına gəlib.
Hökumət internetdə yetkinlik yaşına çatmayanlar tərəfindən cinsi xarakterli materialların yaradılmasına qarşı yaxın vaxtlarda ətraflı tədbirlər planı təqdim edə bilər.
Sosial medianın uşaqların zehni sağlamlığına və onlayn təhlükəsizliyə təsiri ilə bağlı narahatlıqlar Böyük Britaniyanı bu ilin əvvəlində ictimai məsləhətləşmələr keçirməyə sövq etmişdi.
Bu məsləhətləşmələr zamanı azyaşlıların arzuolunmaz saytlara çıxışı üçün "komendant saatı"nın tətbiqi, vaxt məhdudiyyətləri və platformalarda asılılıq yaradan dizayn elementlərinin istifadəsinə qadağalar da daxil olmaqla bir sıra təkliflər irəli sürülüb.
Digər Avropa ölkələri də oxşar addımlar atır.
Fransa, Danimarka və Polşa yetkinlik yaşına çatmayanlar üçün sosial mediadan istifadə qaydalarını sərtləşdirməyi düşünür.
Yunanıstan aprel ayında 2027-ci ilin yanvar ayına qədər 15 yaşdan kiçik uşaqların bu cür platformalara girişini tamamilə bağlamaq planlarını açıqladı.
Böyük Britaniyada hazırda texnologiya şirkətlərini uşaqları qanunsuz və zərərli məzmundan qorumaq üçün tədbirlər görməyə məcbur edən Onlayn Təhlükəsizlik Qanunu qüvvədədir.
Azərbaycanda da sosial şəbəkə platformalarından uşaqların istifadəsinin və sosial şəbəkələrin fəaliyyətlərinin şərtləri müəyyənləşir.
Bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi təklif olunur.