BAKI, 23 may. TELEQRAF
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampı BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini Vaşinqtonda bir araya gətirməyə çağırıb.
Teleqraf xəbər verir ki, Braziliya lideri bu barədə “TV Brasil” telekanalına müsahibəsində danışıb.
Lula da Silva bildirib ki, dünya üçün normal fəaliyyət göstərən BMT Təhlükəsizlik Şurası vacibdir və təşkilatın islahatı artıq zərurətə çevrilib.
Onun sözlərinə görə, məsələ ilə bağlı Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə müzakirələr aparıb:
“Onlar ən qısa zamanda Ağ evdə görüşməlidirlər. Mən Trampa da dedim ki, bu görüşü təşkil etməlisən”, - deyə Braziliya prezidenti vurğulayıb.
Luiz İnasio Lula da Silva hesab edir ki, dünyanın ən böyük dövlətləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri sırasına daxil edilməlidir.
O bildirib ki, Braziliya, Almaniya, Yaponiya, Nigeriya, Efiopiya, Hindistan, Cənubi Afrika Respublikası və Meksika Təhlükəsizlik Şurasında daimi təmsil olunmalıdır.
“Bugünkü geosiyasi reallıq 1945-ci ilin dünyası deyil”, - deyə Braziliya lideri qeyd edib.