BAKI, 23 may. TELEQRAF
Qəzzaya humanitar yardım çatdırmağa çalışan “Global Sumud Flotiliyası”nın fəalları İsrail qüvvələri tərəfindən pis rəftara məruz qaldıqlarını bildiriblər.
Teleqraf xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, fəallar döyülmə, elektroşok cihazlarından istifadə və itlərlə hədələnmə halları ilə üzləşdiklərini iddia ediblər.
Məlumata əsasən, 50 qayıqdan ibarət flotiliya İsrail sahillərindən təxminən 400 kilometr məsafədə beynəlxalq sularda saxlanılıb. Fəallar, jurnalistlər və İtaliyadan olan bir deputat hərbi gəmilərə köçürülərək Aşdod limanına aparılıb.
Türkiyəli fəal Zeynel Abidin Özkan bildirib ki, saxlanılan şəxslər konteynerlərdə tutulub və bəziləri fiziki zorakılığa məruz qalıb:
“Bizi saçımızdan dartıyır, yerə sürüyürdülər. Qandallar əllərimizdə ciddi izlər buraxmışdı”, - deyə o bildirib.
ABŞ-nin Havay ştatından olan fəal Kristofer Boren isə Aşdod limanında bir neçə İsrail hərbçisi tərəfindən döyüldüyünü və üz nahiyəsindən xəsarət aldığını iddia edib.
İtaliyanın “Il Fatto Quotidiano” qəzetinin jurnalisti Alessandro Mantovani saxlanılan şəxslərin gözlərinin bağlandığını, diz üstə saxlanıldığını və fiziki zorakılığa məruz qaldığını deyib.
Onun sözlərinə görə, fəallar konteynerdən keçərkən yumruq, təpik və elektroşok zərbələri alıblar.
Yunanıstanlı fəal Yiannis Atmatzidis də döyüldüyünü və elektroşok cihazı ilə vurulduğunu bildirib. O, İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir ilə qarşılaşdığını da qeyd edib.
İsrail tərəfi isə ittihamları rədd edib. İsrail Həbsxana Xidmətinin sözçüsü Zivan Freydin iddiaların “tamamilə əsassız” olduğunu bildirib.
Məlumata görə, deportasiya edilən təxminən 420 fəal mayın 22-də Türkiyəyə göndərilib.