BAKI, 23 may. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatında yerləşən Qarden-Qrouv şəhərində zəhərli kimyəvi maddə olan rezervuarın partlayış və ya sızma təhlükəsi səbəbindən 40 mindən çox insan təxliyə olunub.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, “GKN Aerospace Transparency” müəssisəsinə məxsus rezervuarda metilmetakrilat adlı zəhərli və tezalışan kimyəvi maddə saxlanılır.

Bildirilir ki, yerli fövqəladə xidmət orqanları mayın 21-dən etibarən mümkün partlayışın qarşısını almağa çalışır.

Mütəxəssislərin sözlərinə görə, rezervuarın zədələnməsinə səbəb uzunmüddətli qızma olub. Hadisə nəticəsində ya 2,6 mindən çox litr kimyəvi maddənin ətrafa yayılması, ya da partlayış baş verə bilər.

Metilmetakrilatın tənəffüs yollarına və ağciyərlərə ciddi zərər verdiyi qeyd olunur.

Dairə polisinin rəhbəri Əmir əl-Farra CNN-ə açıqlamasında bildirib ki, təxminən 6 min nəfər evlərini tərk etməkdən imtina edib.