BAKI, 23 may. TELEQRAF

Venesuelada 2026-cı ilin fevralında qüvvəyə minən amnistiya qanunundan sonra 395 məhbus azadlığa buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigez “Venezolana de Televisión” telekanalının efirində məlumat verib.

O bildirib ki, yaxın saatlarda azad edilənlərin sayı 500 nəfəri ötəcək.

Delsi Rodrigez “Demokratik birgəyaşayış və sülh” proqramının rəhbərliyini amnistiya qanununun icrasını davam etdirməyə çağırıb.

Onun sözlərinə görə, qanun sayəsində ümumilikdə 8 min 426 nəfər tam azadlıq əldə edib. Həmin şəxslərə qarşı irəli sürülən ittihamlar və hüquqi məhdudiyyətlər ləğv olunub, cinayət işlərinə xitam verilib və hüquq-mühafizə orqanlarına mütəmadi müraciət öhdəlikləri aradan qaldırılıb.

Rodrigez qeyd edib ki, amnistiya qanunu 2026-cı il fevralın 20-də qüvvəyə minməzdən əvvəl də 885 nəfər cinayət təqibindən azad olunmuşdu.

Qeyd edək ki, milli barışıq və sülhə xidmət etməsi nəzərdə tutulan ümumi amnistiya təşəbbüsü ilə Delsi Rodriges çıxış edib. Qanun 1999-cu il yanvarın 1-dən indiyədək olan dövrü əhatə edir.

Lakin insanlığa qarşı ağır cinayətlər, insan hüquqlarının pozulması, qəsdən adamöldürmə, korrupsiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunan şəxslər amnistiyadan yararlana bilməyəcək.