BAKI, 23 may. TELEQRAF

ABŞ-nin Nyu-York şəhərinin Staten-Aylend bölgəsində yerləşən gəmiqayırma zavodunda baş verən güclü partlayış və yanğın nəticəsində azı bir nəfər ölüb, onlarla yanğınsöndürən və xilasedici yaralanıb.

Teleqraf xəbər verir ki, “Fox News”un məlumatına görə, hadisə yerinə Nyu-York Yanğın Departamentinin 68 bölməsi və 212 yanğınsöndürən, həmçinin təcili tibbi yardım əməkdaşı cəlb olunub.

Nyu-York Yanğın Departamentinin təcili tibbi yardım üzrə rəhbər müavini İan Svords bildirib ki, hadisə nəticəsində bir mülki şəxs həyatını itirib, 34 yanğınsöndürən və xilasedici xəstəxanaya yerləşdirilib.

Ən ağır xəsarət alanlardan biri yanğın müfəttişidir. Onun vəziyyətinin kritik olduğu, gicgah sümüyündə sınıq və beyində kiçik qanaxma aşkarlandığı bildirilib. Bir yanğınsöndürənin isə vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerli vaxtla saat 15:27-də Riçmond-Terras küçəsində yerləşən metal konstruksiyalı binada qeydə alınıb. İlkin məlumata görə, işçilərdən bəziləri qapalı məkanda köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürənlər əraziyə çatdıqda binanın zirzəmisində yanğın və tüstü müşahidə olunub. İki işçinin itkin düşdüyü bildirildikdən sonra xilasedicilər binaya daxil olublar.

Saat 16:19-da isə ərazidə güclü partlayış baş verib və alov sürətlə yayılıb.

Nyu-York meri Zohran Mamdani gecə saatlarında açıqlama yayaraq yanğının nəzarət altına alındığını bildirib.

O, həyatını itirən şəxsin ailəsinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Rəsmilər hadisənin səbəblərinin araşdırıldığını bildiriblər.

***

03:08

ABŞ-nin Nyu-York şəhərində yerləşən gəmiqayırma zavodunda baş verən yanğın və partlayış nəticəsində azı 16 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" xilasedicilərə istinadla məlumat yayıb. Hadisə Staten-Aylend adasında yerləşən tərsanədə qeydə alınıb.

Məlumata görə, yanğını söndürmək üçün hadisə yerinə gələn yanğınsöndürənlər işə başladıqdan təxminən 50 dəqiqə sonra partlayış baş verib.

Qeyd olunur ki, üç nəfər ağır xəsarət alıb. Ağır yaralananlar arasında iki yanğınsöndürən də var.