BAKI, 19 may. TELEQRAF

Ermənistanda Baş nazir Nikol Paşinyanı korrupsiyada ittiham edən Artur Osipyan barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Teleqraf xəbər verir ki, bu barədə Osipyanın vəkili Roman Yeritsyan məlumat yayıb.

Vəkilin sözlərinə görə, Artur Osipyan Paşinyanla baş verən insident zamanı “Vətəndaş Müqaviləsi” partiyasının təbliğatına mane olmaqda, ictimai asayişi pozmaqda, baş nazirlə mübahisəyə girməkdə və təhqiramiz ifadələr işlətməkdə ittiham olunur.

Bildirilir ki, Osipyan 72 saat müddətinə saxlanılıb. Yaxın günlərdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət ediləcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə yayılan görüntülərdə Qarabağdan olan siyasi fəal Artur Osipyanın Paşinyanı keçmiş qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə bağlı korrupsiyaya dəstək verməkdə ittiham etdiyi əks olunub. Mübahisə zamanı tərəflər arasında gərginlik yaranıb və polis əməkdaşları hadisəyə müdaxilə edib.