BAKI, 11 aprel. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələri USS “Boise” adlı zərbə tipli nüvə sualtı qayığını istismardan çıxarmaq qərarı verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri Con Felan Semafor nəşrinə açıqlamasında bildirib.

Qeyd olunub ki, sualtı qayıq 2017-ci ildən etibarən dalış icazəsini itirib və onun təmiri üçün indiyədək təxminən 800 milyon dollar vəsait xərclənib.

Nazirin sözlərinə görə, görülən işlər planlaşdırılan təmirin cəmi 22 faizini əhatə edib. O vurğulayıb ki, layihənin tam başa çatdırılması üçün əlavə olaraq təxminən 1,9 milyard dollar tələb olunur.

Bu səbəbdən ABŞ tərəfi əlavə xərclərdən imtina edərək sualtı qayığın istismardan çıxarılması qərarını qəbul edib.

Bildirilib ki, qərar ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə həyata keçirilən “Qızıl donanma” proqramı çərçivəsində donanmanın yenidən qurulması fonunda verilib.