BAKI, 10 aprel. TELEQRAF

Almanların böyük əksəriyyəti kansler Fridrix Merzin Almaniyada yaşayan suriyalı qaçqınların 80%-ə qədərini geri qaytarmaq ideyasını qeyri-real hesab edir.

Teleqraf xəbər verir ki, "Bild" qəzetinin sifarişi ilə INSA sosioloji institutu tərəfindən aparılan sorğunun nəticələri bunu deməyə imkan verir.

Tədqiqat göstərib ki, respondentlərin 78%-i xeyli sayda suriyalıların vətənlərinə qayıdacağına inanmır. Yalnız 15% onların 80%-ə qədərinin real olaraq Almaniyanı tərk edə biləcəyinə inanır. Digər 7%-i qərarsız qalıb. Respondentlərin əksəriyyəti (61%) suriyalıların 80%-ə qədərinin vətənlərinə qayıtması fikrini dəstəkləyir. 24%-i əleyhinə, 15%-i isə qərarsız qalıb. 2-7 aprel tarixləri arasında aparılan araşdırmada 1001 nəfər iştirak edib.

Əcnəbilərin Mərkəzi Reyestrinin məlumatına görə, Almaniyada 930 mindən çox Suriya vətəndaşı var.

30 martda kansler Merz suriyalıların təxminən 80%-nin növbəti üç il ərzində vətənlərinə qayıtmalı olduğunu bildirib.