BAKI, 11 aprel. TELEQRAF
İsrailin Baş naziri Binyamin Netanyahu bazar günü keçirilməsi planlaşdırılan məhkəmə iclasının təxirə salınmasını istəyib.
Teleqraf xəbər verir ki, o, Yaxın Şərqdə davam edən təhlükəsizlik vəziyyətini əsas gətirərək, korrupsiya məhkəməsinin təxirə salınmasını istəyib.
O, məhkəməyə ərizə ilə müraciət edib.
Ərizədə yazılır: "İsraildə və Yaxın Şərqdə son zamanlar baş verən dramatik hadisələrlə bağlı məxfi diplomatik və təhlükəsizlik səbəblərinə görə baş nazir ən azı iki həftə məhkəmədə ifadə verə bilməyəcək".
Ərizədə məxfi əsasları ətraflı şəkildə əks etdirən möhürlənmiş zərfin məhkəməyə təqdim edildiyi və hakimlərin prokurorluq cavabını təqdim etdikdən sonra qərar verəcəyi qeyd olunur.
Netanyahuya qarşı üç korrupsiya iddiası qaldırılıb.
ABŞ Prezidenti Donald Tramp da 2025-ci ilin noyabr ayında İsrail Prezidenti İsaak Herzoqa məktub göndərərək korrupsiyada ittiham olunan Netanyahunu əfv etməsini xahiş edib.
Məhkəmə işləri altı ildir ki, davam edir.