BAKI, 11 aprel. TELEQRAF

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Riçard Nayton ölkə əhalisini mümkün hərbi münaqişəyə hazırlaşmaq üçün “soyuq müharibə dərslərini” yenidən öyrənməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə "Sky News" telekanalına müsahibəsində danışıb.

Nayton bildirib ki, hökumət cəmiyyətin müxtəlif təbəqələrinin xarici təhlükələr barədə məlumatlılığını artırmağı planlaşdırır. Onun sözlərinə görə, soyuq müharibə dövründə olduğu kimi, vətəndaşlara genişmiqyaslı münaqişə zamanı davranış qaydaları ilə bağlı təlimatlar verilə bilər.

Qeyd edək ki, bu cür proqramlar Sovet İttifaqının dağılmasından sonra 1990-cı illərdə dayandırılmışdı.

Nayton həmçinin bildirib ki, Britaniya “kölgə donanması” adlandırılan və Rusiyaya aid olduğu iddia edilən tankerlərə qarşı tədbirləri gücləndirməyə hazırdır.

Xatırladaq ki, Böyük Britaniya hökuməti daha əvvəl bu kateqoriyaya aid edilən gəmilərin saxlanmasına icazə verildiyini açıqlamışdı.