BAKI, 11 aprel. TELEQRAF
ABŞ-də Donald Tramp administrasiyası “doğum turizmi” adlandırılan hallara qarşı yeni əməliyyatlara başlayır.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi daxili sənədə istinadla yazıb .
Bildirilir ki, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) əməkdaşlara “Birth Tourism Initiative” adlı yeni təşəbbüs çərçivəsində araşdırmaları gücləndirmək tapşırığı verib. Məqsəd xarici vətəndaşların ABŞ-da uşaq dünyaya gətirməklə vətəndaşlıq əldə etməsinə kömək edən şəbəkələri aşkarlamaqdır.
Qeyd olunur ki, belə hallarda iştirak edən şəxslər vizaya dair yanlış məlumat təqdim etdiklərinə görə fırıldaqçılıq və digər hüquqi məsuliyyətə cəlb oluna bilər.
Ağ Ev nümayəndəsi bildirib ki, “doğum turizmi” vergi ödəyiciləri üçün əlavə yük yaradır və milli təhlükəsizlik baxımından risklər doğura bilər.
Bununla yanaşı, ABŞ qanunvericiliyində doğum turizmini birbaşa qadağan edən norma yoxdur. Lakin 2020-ci ildə qəbul edilən qaydalara əsasən, turist vizasından yalnız bu məqsədlə istifadə etmək qadağandır.