BAKI, 31 may. TELEQRAF

ABŞ Silahlı Qüvvələri son iki gün ərzində ikinci dəfə Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılarına məxsus olduğu ehtimal edilən qayığa hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.

Məlumata görə, kəşfiyyat məlumatları qayığın narkotik vasitələrin daşınmasında istifadə olunan marşrutla hərəkət etdiyini və qanunsuz yüklərin daşınması əməliyyatlarında iştirak etdiyini təsdiqləyib.

Əməliyyat nəticəsində üç nəfər ölüb. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

"Cari əməliyyat nəticəsində üç narkoterrorçu zərərsizləşdirilib", - deyə Cənub Komandanlığının açıqlamasında qeyd olunub.

Bu, son iki gün ərzində ABŞ qüvvələrinin bölgədə narkotik qaçaqmalçılığı ilə əlaqəli hədəflərə qarşı həyata keçirdiyi ikinci hərbi əməliyyatdır.