BAKI, 26 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyində qismən fəaliyyətin dayandırılması (şatdaun) davam edəcəyi halda ölkə aeroportlarında Milli Qvardiya qüvvələrinin yerləşdirilməsini mümkün hesab edib.
Teleqraf xəbər verir ki, o, bu barədə Respublikaçılar Partiyasının Nümayəndələr Palatasına seçkilər üzrə komitəsinin təşkil etdiyi illik ianə tədbirində çıxışı zamanı danışıb.
Tramp qeyd edib ki, şatdaun səbəbindən Nəqliyyat Təhlükəsizliyi İdarəsində kadr çatışmazlığı yaranıb və bu səbəbdən aeroportlarda işə ABŞ-nin Miqrasiya və Gömrük Mühafizəsi Xidməti cəlb olunub.
“Zərurət yaranarsa, Milli Qvardiyanı da göndərəcəyik. Çünki ICE əməkdaşlarının sayı 6 min nəfərdir, onlara isə daha 40 minə yaxın insan kömək edir və bəziləri maaş almadıqları halda işləməyə məcburdur”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi maliyyə çatışmazlığı səbəbindən fevralın 14-dən qismən fəaliyyətini dayandırıb.