BAKI, 26 mart. TELEQRAF

Ukraynanın dövlət sektorunda istifadə olunan şifrələmə sisteminin hakerlər tərəfindən sındırıldığı iddia olunur.

Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Məlumata görə, “Kiber Serp” adlı prorus haker qrupu dövlət qurumlarının istifadə etdiyi şifrələmə açarlarını və rəqəmsal imza reyestrini ələ keçirib.

Bildirilir ki, nəticədə qapalı şifrlər, ilkin kodlar və qurumlararası elektron sənəd dövriyyəsində istifadə olunan açarların çıxarılması mümkün olub.

“Bu əməliyyatı rahatlıqla ‘Ukraynanın rəqəmsal ürəyinin sındırılması’ kimi qiymətləndirmək olar”, – deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd olunur ki, komprometasiya olunan “Saifer” şirkətinin şifrələmə sistemi dövlət qurumları, iri banklar və təchizatçılar üçün təhlükəsiz giriş imkanı yaradır, həmçinin dövlət satınalmaları və elektron xidmət bazalarını dəstəkləyirdi.

Xatırladaq ki, daha əvvəl hakerlər Ukraynanın iri antirusiya yönümlü media orqanlarından birinin saytını da sıradan çıxardıqlarını açıqlamışdılar.