BAKI, 16 mart. TELEQRAF
Ərəb Dövlətləri Liqası (ƏDL) İranın Fars körfəzi ölkələrinə endirdiyi zərbələr fonunda ümumərəb silahlı qüvvələrinin yaradılması ideyasını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə təşkilatın baş katibinin müavini Husam Zaki bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs son vaxtlar Misirdə yenidən gündəmə gəlib. Zakinin qeyd etdiyi kimi, 2015-ci ildə ümumərəb hərbi qüvvələrinin yaradılması ideyasını ilk dəfə Misir Prezidenti Əbdülfəttah əs-Sisi irəli sürmüşdü.
“Bu təşəbbüs barədə Misirdə yenidən danışılmağa başlanıb. Biz Ərəb Dövlətləri Liqasında bu məsələni araşdırırıq və növbəti iclasda onu yenidən müzakirəyə çıxarmağa hazırıq”, - deyə Zakinin sözlərini Misirin “Ash-Shorouq” portalı sitat gətirib.
O bildirib ki, İranın Fars körfəzi ölkələrinin ərazilərinə endirdiyi zərbələr ərəb dövlətlərini ümumi silahlı qüvvələrin yaradılması məsələsini yenidən gündəmə gətirməyə sövq edib.
Zakinin sözlərinə görə, hər bir ərəb dövləti özünə qarşı yönəlmiş hücumlara uyğun bildiyi şəkildə və münasib vaxtda cavab vermək hüququna malikdir və ƏDL bu hüququ tam dəstəkləyir.
Qeyd edək ki, martın 15-də Misirin xarici işlər naziri Bədr Abdel Ati Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşdə İranın Fars körfəzi ölkələrinə endirdiyi zərbələrin “əsaslandırıla bilməyəcəyini” bildirib.
O həmçinin BƏƏ-li həmkarına bütün ərəb ölkələri üçün kollektiv təhlükəsizlik konsepsiyasının hazırlanması istiqamətində birgə işə başlamağı təklif edib.