BAKI, 16 mart. TELEQRAF
Avstraliya Yaxın Şərqdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə Hörmüz boğazının patrul xidmətində iştirak etmək üçün hərbi gəmilər göndərməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Avstraliyanın infrastruktur və nəqliyyat naziri Ketrin Kinqin açıqlamasında bildirib.
Nazir ABC radiosuna müsahibəsində bildirib ki, Avstraliya Hörmüz boğazının patrul xidmətində iştirakla bağlı rəsmi sorğu almayıb.
“Nə bizdən belə bir xahiş olunub, nə də biz bu prosesdə iştirak edirik. Biz Hörmüz boğazına hərbi gəmilər göndərməyi planlaşdırmırıq”, - deyə Kinq qeyd edib.
Bununla yanaşı, o bildirib ki, Avstraliya müdafiə sahəsində dəstək göstərmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə hərbi təyyarə göndərəcək.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı vasitəsilə neft idxal edən ölkələri gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün regiona hərbi gəmilər göndərməyə çağırmışdı. O, bu məsələdə Böyük Britaniya, Çin, Koreya Respublikası, Fransa və Yaponiyanın maraqlı ola biləcəyini bildirmişdi.
Martın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Ebrahim Cəbari İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatı fonunda dünya neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının gəmiçilik üçün bağlana biləcəyi barədə xəbərdarlıq etmişdi.
Martın 5-də isə İranın xarici işlər naziri Abbas Əraqçi boğazın bağlanmadığını, lakin gəmilərin, o cümlədən tankerələrin mümkün zərbələrdən ehtiyat etdikləri üçün həmin marşrutdan istifadə etməyə çalışmadıqlarını bildirmişdi.