BAKI, 15 mart. TELEQRAF

Niderlandın Drente əyalətində baş verən zəlzələdən sonra dağıntı və zədələnmələrlə bağlı daxil olan müraciətlərin sayı 132-yə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Hart van Nederland portalı" məlumat yayıb.

Məlumata görə, zədələnmələrlə bağlı 99 müraciət Assen yaşayış məntəqəsindən daxil olub. Zəlzələnin episentrinin yerləşdiyi Aa-en-Hyunze bələdiyyəsində 18, qonşu Midden-Drente bölgəsində isə 10 müraciət qeydə alınıb. Digər müraciətlər isə daha uzaq ərazilərdən, o cümlədən Tünarlo, Veststellinqverf yaşayış məntəqələrindən, həmçinin Qroningen və Frizlandiya əyalətlərindəki şəhərlərdən daxil olub.

Portalın qeydinə görə, bu zəlzələ 2000-ci ilin oktyabrından bəri Drente əyalətində qeydə alınan ən güclü yeraltı təkan olub.