BAKI, 16 mart. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Makron "X" hesabında bildirib ki, söhbət zamanı İranı region ölkələrinə qarşı həyata keçirilən qəbuledilməz hücumları dayandırmağa çağırıb. Onun sözlərinə görə, bu hücumlar həm birbaşa, həm də vasitəçilər vasitəsilə, o cümlədən Livan və İraqda həyata keçirilir.
Fransa prezidenti qeyd edib ki, regionda müşahidə olunan nəzarətsiz gərginlik bütün Yaxın Şərqi xaosa sürükləyir.
“Nəzarətdən çıxan eskalasiya bütün regionu xaosa sürükləyir və bunun həm bu gün, həm də gələcək illər üçün ciddi nəticələri olacaq”, - deyə Makron sosial şəbəkə hesabında yazıb.
Bundan əlavə, o, Hörmüz boğazında gəmiçilik azadlığının mümkün qədər tez bərpa edilməsinə çağırıb.
Qeyd edək ki, bundan əvvəl İraqda yerləşən hərbi bazaya pilotsuz uçuş aparatlarının hücumu nəticəsində bir fransalı hərbçinin həlak olduğu bildirilmişdi.