BAKI, 7 mart. TELEQRAF
İran ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə endirilən zərbələr nəticəsində Amerika ordusunun ağır itkilər verdiyini iddia edir.
Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin qərargahı məlumat yayıb.
Məlumata görə, İranın Birləşmiş Ərəb Əmirlikləri ərazisində yerləşən ABŞ-nin Əl-Dəfra Hava Bazası və Yaxın Şərqdəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması hədəfə alınması nəticəsində Amerika hərbçiləri arasında çoxlu ölən və yaralananlar var.
İranın dövlət televiziyasının məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına endirilən zərbə nəticəsində 21 nəfər həlak olub. Bundan əlavə, Əl-Dəfra hava bazasında təxminən 200 amerikalı hərbçinin həlak olduğu və yaralandığı iddia edilir.
***
16:00
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava hücumundan müdafiə sistemləri İran ərazisindən buraxılan 16 ballistik raketi aşkar edib.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 7-də aşkar edilən 16 ballistik raketdən 15-i məhv edilib, biri isə dənizə düşüb.
Məlumata görə, həmçinin 121 pilotsuz uçuş aparatının buraxılışı qeydə alınıb. Onlardan 119-u hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib, iki dron isə Birləşmiş Ərəb Əmirlikləri ərazisinə düşüb.
***
10:30
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın raket və dron hücumlarını dəf edib.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan endirilən raket və pilotsuz təyyarə hücumlarını uğurla dəf edib.
Bəyanatda qeyd olunur ki, baş verən partlayışlar raket və dronların ələ keçirilməsinin nəticəsidir.
Nazirlik əlavə edib ki, hücumlar zamanı insan tələfatı qeydə alınmayıb və təhlükəsizlik tədbirləri davam etdirilir.