BAKI, 6 mart. TELEQRAF
Türkiyə Prezident Administrasiyasının Əks-Dezinformasiya Mərkəzi Antalya bölgəsində "F-16" qırıcılarının havaya qaldırıldığına dair məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, mərkəzin açıqlamasında deyilir: "Bir sıra sosial media platformalarında Türkiyənin "F-16" qırıcı təyyarələrinin Antalyada intensiv uçuşlar həyata keçirdiyinə dair iddialar doğru deyil".
Qeyd olunur ki, Türkiyə Aerokosmik Sənayesi tərəfindən hazırlanan Hurjet reaktiv təlim layihəsinin bir hissəsi olaraq Antalyada sınaq uçuşları həyata keçirilir. "Antalya Komandanlıq Aerodromundan qalxan və dəniz üzərində baş tutan planlı sınaq uçuşları zamanı təyyarələr bəzən səsdən sürətli sürətə çatır və nəticədə partlayışlara bənzər yüksək səslər eşidilir. İddia edildiyi kimi, orada qeyri-adi hərbi fəaliyyət müşahidə edilməyib", - məlumatda qeyd olunur.