BAKI, 2 mart. TELEQRAF

ABŞ və İsrailin İrana zərbələrindən sonra Tehran Körfəz ölkələrinə yüzlərlə pilotsuz uçuş aparatı və raketlə cavab verib. Nəticədə uzun illər sabitlik və təhlükəsizlik simvolu kimi təqdim olunan Dubayda təşviş yaşanıb.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, hücumlar zamanı atılan mərmilərin əksəriyyəti havada zərərsizləşdirilsə də, raket qalıqları şəhərin bəzi nüfuzlu məkanlarına ziyan vurub. Partlayışlar nəticəsində xüsusilə Palm Cumeyra adasında və lüks “Burj Al Arab” hotelinin yerləşdiyi ərazilərdə tüstü qalxdığı bildirilib.

Sakinlər partlayış səslərindən şoka düşdüklərini deyiblər. Bəziləri sığınacağa qaçıb, digərləri isə eyvanlardan səmanı izləyərək baş verənləri anlamağa çalışıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhər üzərində raketlərin və onları zərərsizləşdirən sistemlərin izi görünür.

Dubay uzun illər regiondakı münaqişələrdən uzaq, təhlükəsiz liman kimi qəbul edilirdi. Lakin son hadisələr bu imici sarsıdıb. Şəhərdə supermarketlərdə növbələrin artdığı, bəzi məhsulların qıtlaşdığı, yanacaqdoldurma məntəqələrində avtomobil sıralarının yarandığı bildirilir.

BƏƏ Əmək Nazirliyi özəl sektora çərşənbə axşamınadək məsafədən işləməyi tövsiyə edib. Bir sıra kiçik biznes obyektləri fəaliyyətini müvəqqəti dayandırıb.

Bununla yanaşı, bəzi sakinlər hökumətin vəziyyətə nəzarət etdiyini və təhlükəsizliyin təmin olunduğunu vurğulayır. Dubay rəhbərliyi isə tədbirlərin davam etdiyini nümayiş etdirmək məqsədilə şəhərin ənənəvi at yarışı tədbirlərinin plan üzrə keçirildiyini açıqlayıb.

Qeyd edək ki, Dubay əhalisinin təxminən 90 faizi əcnəbilərdən ibarətdir. Regionda gərginliyin artması fonunda bir sıra xarici vətəndaşlar şəhəri müvəqqəti tərk etməyi düşündüklərini bildiriblər.