BAKI, 2 mart. TELEQRAF

Rusiya ABŞ Prezidenti Donald Tramp və İsraili İrana qarşı hücumla Yaxın Şərqi uçuruma sürükləməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, ABŞ və İsrail İrana qarşı zərbələr endirərək ölkə rəhbərliyini hədəfə alıb və regionu yeni münaqişə mərhələsinə sürükləyib. Donald Tramp isə hücumların ABŞ üçün təhlükəsizlik təhdidini aradan qaldıracağını və iranlılara hakimiyyətlərini devirmək imkanı yaradacağını bəyan edib.

Rusiya XİN-in açıqlamasında qeyd olunub ki, Vaşinqton və Təl-Əviv regionu humanitar, iqtisadi və hətta mümkün radioloji fəlakətə yaxınlaşdıran təhlükəli avantüraya başlayıb.

Nazirlik vurğulayıb ki, Yaxın Şərqin nəzarətsiz eskalasiya mərhələsinə sürüklənməsi digər ölkələri, xüsusilə region dövlətlərini yeni təhdidlərə qarşı daha ciddi vasitələr əldə etməyə təşviq edə bilər.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də Donald Trampı tənqid edərək bildirib ki, İranla danışıqlar sadəcə ört-basdır məqsədi daşıyırdı.