BAKI, 2 mart. TELEQRAF

İsrail ordusu Livanın cənubunda yerləşən 53 yaşayış məntəqəsinin sakinlərini mümkün hava zərbələri barədə xəbərdar edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin hərbi nümayəndəsi ərəb dilində "X" platformasında yayımlanan videomüraciətdə həmin ərazilərdə yerləşən “Hizbullah” təşkilatına məxsus obyektlərə zərbələrin endiriləcəyini bildirib və sakinləri təhlükəli zonanı tərk etməyə çağırıb.

“Yaşadığınız məntəqələri dərhal tərk etməli və ən azı bir kilometr uzaqlaşmalısınız. Yaxın vaxtlarda “Hizbullah”a məxsus hərbi infrastruktur hədəfə alınacaq”, - deyə müraciətdə vurğulanıb.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutun cənub ətraflarına zərbələr endirdiyi bildirilmişdi. Hava hücumları nəticəsində “Hizbullah”ın hərbi qanadının bir neçə üzvünün, o cümlədən təşkilatın cənub bölgəsindəki əməliyyatlarına cavabdeh olan əsas komandirlərdən birinin məhv edildiyi açıqlanıb.

Mülki əhali arasında itkilər barədə məlumat verilməyib.