BAKI, 28 fevral. TELEQRAF
İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, söhbət zamanı İranın XİN rəhbəri ölkəsinə edilən son hücumlardan sonrakı hərbi vəziyyət barədə həmkarını məlumatlandırıb.
A. Əraqçi rəsmi Tehranın özünümüdafiə hüququndan istifadə edəcəyini və cavab zərbələrinin regiondakı ABŞ hərbi bazalarına yönələcəyini vurğulayıb. O, bu hücumların region ölkələrini deyil, yalnız konkret hərbi obyektləri hədəf alacağını qeyd edib.
Fuad Hüseyn isə öz növbəsində Bağdadın hərbi eskalasiyaya qarşı qəti və dəyişməz mövqeyini ifadə edib. O bildirib ki, müharibə problemlərin həlli yolu ola bilməz.
Nazir regionun təhlükəsizliyi və sabitliyinin qorunması üçün böhranların aradan qaldırılmasında dialoq və gərginliyin azaldılmasının ən effektiv vasitə olduğunu diqqətə çatdırıb.