BAKI, 28 fevral. TELEQRAF

ABŞ administrasiyası Tayvana 13 milyard dollar dəyərində silah paketinin satışını təxirə salıb.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazır.

Qərarın ABŞ Prezidenti Donald Trampın aprel ayında Çinə planlaşdırılan səfəri ərəfəsində Çin tərəfinin mümkün mənfi reaksiyasından ehtiyatla bağlı olduğu bildirilir.

Nəşrin mənbələrinə istinadən verdiyi məlumata görə, söhbət təxminən 13 milyard dollar dəyərində silah paketindən gedir. Paketə hava hücumundan müdafiə raketləri də daxildir.

Yanvar ayında ABŞ Dövlət Departamenti planlaşdırılan razılaşma barədə Konqresə məlumat göndərib və həm Respublikaçılar, həm də Demokratlar Partiyasından olan qanunvericilər sövdələşməni dəstəkləyiblər. Lakin bundan sonra proses dayanıb. Qəzet yazır ki, Ağ Ev ABŞ-Çin sammitinin uğurunu təmin etmək üçün bu məsələ ilə bağlı hər hansı addım atılmaması barədə göstəriş verib.

ABŞ Dövlət Departamenti məsələ ilə bağlı NYT-yə şərh verməkdən imtina edib. Bununla yanaşı, qurum administrasiyanın Tayvana dəstəyə sadiq qaldığını vurğulayıb.