BAKI, 28 fevral. TELEQRAF

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva 1000 manat məbləğində inzibati qaydada cərimə olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, cərimə Əmək Müfəttişliyi tərəfindən tətbiq edilib. Buna səbəb kollecin bəzi əməkdaşlarının əmək haqlarının elektron sistemdə aşağı məbləğdə göstərilməsi olub.

Direktor qərarla razılaşmayaraq məhkəməyə müraciət edib.

X.Xudiyeva izahatında bildirib ki, 1000 manat cərimə olunması barədə məlumatı my.gov.az portalına daxil olarkən təsadüfən görüb. Onun sözlərinə görə, nə elektron sistem, nə SMS, nə də poçt vasitəsilə rəsmi şəkildə məlumatlandırılmayıb.

O qeyd edib ki, elektron protokolda cərimə göstərilsə də, İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə məsuliyyətə cəlb olunduğu əks olunmayıb. Bu məsələyə aydınlıq gətirmək üçün kollecin hüquqşünası və baş mühasibi ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsi ilə əlaqə saxladıqlarını bildirib. Onun sözlərinə görə, regional şöbədən “Bakı özü cərimə edib” cavabı verilib.

Direktor iddia edib ki, elektron protokolun sistemdə görünməsi faktiki məlumatlandırma hesab edilə bilməz və müdafiə hüququnun həyata keçirilməsi üçün şəxs real qaydada xəbərdar edilməlidir.

Direktor həmçinin qeyd edib ki, adı çəkilən işçilərin əmək haqlarının sistemdə aşağı görünməsi onların qismən ödənişli məzuniyyətdə olmaları ilə bağlı texniki göstəricidir və əmək qanunvericiliyinin pozuntusu hesab edilə bilməz. Bununla bağlı müvafiq əmrlərin mövcud olduğunu da məhkəməyə təqdim edib.

X.Xudiyeva Gəncə Şəhər Məhkəməsinə müraciət edərək həm cərimənin ləğvini, həm də şikayət müddətinin bərpasını xahiş edib.

İşə hakim Elçin Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə vəsatəti təmin etməyib.

Direktor qərardadın qanunsuz olduğunu, məhkəmənin işi tam və obyektiv araşdırmadığını bildirib. Onun sözlərinə görə, qərardadda məhkəmədə verdiyi izahat təhrif olunub.

Lakin məhkəmə onun şikayətini təmin etməyib və tətbiq edilmiş 1000 manatlıq cərimə qüvvədə saxlanılıb.

Qeyd edək ki, Xoşqədəm Xudiyeva 2025-ci il yanvar ayında direktor təyin olunub.

O, Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsil alıb, daha sonra Gəncə Dövlət Universitetində “İngilis dili” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. 2022-2024-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramını müvəffəqiyyətlə başa vurub.

O, 2010-2024-cü illərdə müxtəlif regionlarda, o cümlədən Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəaliyyət göstərib.