BAKI, 28 fevral. TELEQRAF

Pakistan ordusu ilə toqquşmalar zamanı azı 297 əfqan hərbçi öldürülüb, 450-dən çoxu yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar "X" sosial şəbəkəsində məlumat yayıb.

Nazirin sözlərinə görə, Pakistan Hərbi Hava Qüvvələri qonşu ölkə ərazisində 29 obyektə aviazərbələr endirib. Pakistan ordusu 89 əfqan blok-postunu məhv edib, daha 18-i isə nəzarətə götürülüb.

Bundan əlavə, 135-dən çox hərbi texnika – o cümlədən tanklar, zirehli transportyorlar və artilleriya qurğuları sıradan çıxarılıb.

Fevralın 26-da axşam saatlarında Pakistan–Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabul tərəfi Pakistanın son hava zərbələrinə cavab olaraq hərbi əməliyyat apardığını bəyan edib. Pakistanın müdafiə naziri Xavaca Asif isə bildirib ki, hazırda ölkəsi ilə Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökuməti arasında açıq silahlı qarşıdurma vəziyyəti yaranıb.

Əfqanıstan Müdafiə Nazirliyi fevralın 27-də səhər əməliyyatın başa çatdığını elan edərək 55 pakistanlı hərbçinin öldürüldüyünü, 2 hərbi bazanın və 19 sərhəd postunun ələ keçirildiyini açıqlayıb. İslamabad isə döyüşlərin davam etdiyini bildirir.