BAKI, 27 fevral. TELEQRAF

Şamaxı rayonunda gün ərzində üçüncü dəfə zəlzələ qeydə alınıb.

Bu barədə Teleqraf-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yeraltı təkan yerli vaxtla 19:12-də baş verib.

3.2 maqnitudalı zəlzələ 9 km dərinlikdə baş verib və hiss olunmayıb.

16:25

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

16:17

Şamaxıda 3.3 maqnitudalı daha bir zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ ocağının dərinliyi 10 kilometr qeydə alınıb. Yerli vaxtla 16:05-də baş verən təbiət hadisəsi hiss olunmayıb.

***

16:02

Şamaxı rayonunda zəlzələ olub.

Teleqraf xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Yeraltı təkanlar yerli vaxtla 15:52-də qeydə alınıb. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.

Zəlzələ Pirqulu Seysmik Stansiyasından 23 km cənub- qərbdə qeydə alınıb. Episentrda 5 bal, ətraf rayonlarda və yaşayış məntəqələrində 4-3 bal gücündə hiss olunub.