BAKI, 24 fevral. TELEQRAF

ABŞ nümayəndələri Cenevrədə Rusiya nümayəndə heyəti ilə görüş keçirərək nüvə silahlarına nəzarət üzrə mümkün çoxtərəfli sazişin bağlanması ilə bağlı danışıqlara başlamaq imkanlarını müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, fevralın 24-də ABŞ nümayəndələri Çin nümayəndə heyəti ilə də görüş keçirməyi planlaşdırır. Agentliyin mənbəsi bildirib ki, bundan əvvəl Vaşinqton BMT Təhlükəsizlik Şurasının digər iki daimi üzvü olan Böyük Britaniya və Fransa ilə ikitərəfli danışıqları artıq aparıb. Onun sözlərinə görə, müzakirələrin Təhlükəsizlik Şurasının beş daimi üzvü səviyyəsinə çıxarılması növbəti məntiqi addımdır.

Xatırladaq ki, Rusiya ilə ABŞ arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında sazişin müddəti fevralın 5-də başa çatıb. Vaşinqton sənədi uzatmaqdan imtina edib. ABŞ bu saziş üzrə məhdudiyyətlərin Çinə də şamil edilməsini təklif edirdi. Rusiyanın Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Gennadi Qatilovun sözlərinə görə, əgər ABŞ Çini nüvə silahlarına nəzarət üzrə mümkün çoxtərəfli dialoqa cəlb etməkdə həqiqətən maraqlıdırsa, bu prosesdə Vaşinqtonun NATO üzrə müttəfiqləri olan Böyük Britaniya və Fransa da iştirak etməlidir.