BAKI, 18 fevral. TELEQRAF
Vaşinqtonda ABŞ Konqresi binasının yaxınlığında doldurulmuş ov tüfəngi ilə hərəkət edən 18 yaşlı şəxs polis tərəfindən saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Kapitol polisinin rəisi Maykl Sallivan mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, şəxs avtomobildən tüfənglə düşərək Kapitoliya doğru qaçıb. Polis əməkdaşları onu dərhal dayandırıb və silahı yerə qoymağı əmr ediblər. Şəxs göstərişə tabe olub və saxlanılıb.
Sallivan bildirib ki, tüfəng doldurulmuş vəziyyətdə olub. Saxlanılan şəxs üzərində patronlar olan taktiki jilet geyinibmiş. Onun avtomobilində həmçinin dəbilqə və qaz maskası aşkar edilib.
Hadisənin motivləri hələlik açıqlanmayıb.