BAKI, 15 fevral. TELEQRAF
Qəzzada radikal HƏMAS hərəkatının silahsızlaşdırılması prosesinin mart ayında başlanması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti Kan Sülh Şurasındakı iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, silahsızlaşdırma Qəzzada yeni texnokrat hökumətin fəaliyyətə başlamasından və əvvəllər HƏMAS-a məxsus səlahiyyətləri öz üzərinə götürməsindən sonra həyata keçiriləcək. İlk demilitarizasiya olunacaq ərazi kimi Qəzzanın cənubunda, Rəfah bölgəsi göstərilir.
Bildirilir ki, Sülh Şurasına üzv ölkə liderlərinin ilk iclası fevralın 19-da ABŞ paytaxtında keçirilməlidir. Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza sektorunda sülh nizamlanması məqsədilə yaradılmış Sülh Şurasının Nizamnaməsini imzalayıblar.
Vaşinqton bəyan edib ki, təşkilata digər dövlətlər də qoşulub. Sülh Şurası İsrail və HƏMAS arasında əldə olunmuş razılaşmaya uyğun olaraq Qəzzanın idarə olunması üçün yaradılıb, lakin onun digər regionlarda da münaqişələrin qarşısının alınması və həlli ilə məşğul olacağı nəzərdə tutulur.