BAKI, 11 fevral. TELEQRAF
Avstraliyanın ticarət naziri Don Farrell bildirib ki, Avropa İttifaqı ilə azad ticarət sazişi üzrə yeni danışıqlar raundu bu həftə Brüsseldə başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Avstraliya Ticarət Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Nazir Don Farrell qeyd edib ki, Brüsseldə Aİ-nin ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç, eləcə də kənd təsərrüfatı və ərzaq məsələləri üzrə komissar Kristof Hansenlə görüşəcək. Onun sözlərinə görə, məqsəd qarşılıqlı faydalı ticarət sazişinin əldə olunmasıdır.
Farrell vurğulayıb ki, baş nazir Entoni Albanizenin hökuməti Avstraliya ixracatçıları üçün yeni bazarların açılmasını, daha çox iş yerlərinin yaradılmasını və vətəndaşlar üçün xərclərin azaldılmasını hədəfləyir. Nazir əlavə edib ki, Aİ bazarı avstraliyalı istehsalçılar və ixracatçılar üçün geniş imkanlar yarada bilər.
O, həmçinin bildirib ki, Avstraliya milli maraqlara cavab verən və kənd təsərrüfatı istehsalçıları üçün Avropa bazarlarını açan razılaşma imzalamağa hazırdır.