BAKI, 8 fevral. TELEQRAF
İraq hökuməti indiyədək Suriyanın xüsusi düşərgə və həbsxanalarından köçürülən 2 250-dən çox “İslam Dövləti” terror qruplaşmasının (İŞİD) keçmiş üzvünü və tərəfdarını öz ərazisində yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə İraq təhlükəsizlik xidmətinin mətbuat mərkəzinin rəhbəri, general-leytenant Səəd Maan məlumat verib.
Onun sözlərinə görə, İŞİD tərəfdarlarının daşınması beynəlxalq koalisiya ilə koordinasiya şəraitində həm hava, həm də quru yolu ilə həyata keçirilib.
General vurğulayıb ki, İraq hökuməti və təhlükəsizlik qüvvələri bu sayda şəxsin yerləşdirilməsi və onlarla bağlı prosedur məsələlərinin idarə olunmasına hazırdır. Məqsəd terror təhlükəsinin təkcə İraq üçün deyil, bütövlükdə dünya üçün yayılmasının qarşısını almaqdır.
Səəd Maan bildirib ki, xüsusi qruplar artıq gətirilmiş şəxslərlə bağlı ilkin araşdırmalara başlayıb, onların təhlükə səviyyəsinə və terror qruplaşmasındakı roluna görə təsnifatı aparılır, etirafedici ifadələri qeydə alınır. O əlavə edib ki, İraq tərəfi İŞİD-in cinayətlərində iştirak etmiş bütün şəxsləri ölkə məhkəmələrində mühakimə etməyi planlaşdırır.
Generalın sözlərinə görə, İraq Xarici İşlər Nazirliyi də terror qruplaşması ilə əlaqəsi olan şəxslərin vətəndaşı olduqları ölkələrə təhvil verilməsi məsələsi ilə bağlı bir sıra dövlətlərlə əlaqə saxlayır. Onun vurğuladığına görə, bu proses yalnız İraq tərəfinin irəli sürdüyü bütün hüquqi tələblər yerinə yetirildikdən sonra başlayacaq.