BAKI, 31 yanvar. TELEQRAF

ABŞ hakimiyyəti "Meta" ilə bağlı araşdırma başladıb.

Teleqraf xəbər verir ki, buna səbəb keçmiş podratçıların "Meta" ilə bağlı iddiaları olub. Onlar bildiriblər ki, "WhatsApp" istifadəçilərindən gələn şifrələnmiş mesajları oxuyub.

"The Guardian" qəzetinin verdiyi məlumata görə, "Meta"nın bəzi işçiləri şifrələnmiş və hətta şirkət üçün də əlçatmaz hesab edilən mesajların məzmununa giriş əldə ediblər.

Bu iddialar ABŞ Ticarət Nazirliyinin, xüsusən də Sənaye və Təhlükəsizlik Bürosunun diqqətinə çatdırılıb.

İstintaq davam edir və indiyə qədər heç bir rəsmi ittiham irəli sürülməyib.

"Meta" və "WhatsApp" bu iddiaları qəti şəkildə rədd edir, onları texniki cəhətdən qeyri-mümkün və cəfəngiyat adlandırırlar. Şirkət vurğulayıb ki, şifrələmiş mesajları yalnız cihaz sahibləri oxuya bilir.