BAKI, 27 yanvar. TELEQRAF

ABŞ-nin maliyyə naziri Skott Bessent Kanada baş naziri Mark Karni ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı barədə açıqlama verib. Onun sözlərinə görə, Karni Davosda səsləndirdiyi bəzi fikirləri geri götürməyə və ritorikanı yumşaltmağa cəhd edib.

Teleqraf xəbər verir ki, Bessent bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Prezidentlə birlikdə Oval kabinetdə idim. O, baş nazir Karni ilə danışırdı. Karni Davosda səsləndirdiyi bir sıra uğursuz açıqlamaları geri almağa çox çalışırdı”, - deyə ABŞ maliyyə naziri bildirib.

Söhbət Mark Karninin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində etdiyi çıxışdan gedir. Həmin çıxışda o, Qrenlandiyanın və Danimarkanın adanın ABŞ tərəfindən alınması ilə bağlı iddiaları rədd etmək hüququnu açıq şəkildə dəstəkləmiş, eyni zamanda mövcud qlobal nizamın zəiflədiyini bəyan etmişdi.

Bu açıqlamaların Kanada diplomatiyası üçün ciddi nəticələrə səbəb olduğu bildirilir. Donald Tramp artıq Mark Karninin Qəzza üzrə yaradılması planlaşdırılan “Sülh Şurası”na dəvətini geri götürüb. Bundan əlavə, ABŞ prezidenti Kanadanın ABŞ-dən tam asılı olduğunu vurğulayaraq ölkəni yenidən ritorikasında “ABŞ-ın 51-ci ştatı” adlandırıb.