BAKI, 27 yanvar. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərinə endirdiyi zərbələr nəticəsində 35 nəfər xəsarət alıb, onlardan 12-si xəstəxanaya yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə Odessa Şəhər Şurasının Səhiyyə Departamentinin direktoru Olena Kolodenko bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində bir nəfər həyatını itirib:

"Hospitalizasiya olunanlar arasında iki uşaq və bir hamilə qadın da var. Digər zərərçəkənlərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb və onların əksəriyyətində kəskin stress reaksiyası qeydə alınıb".

***

09:43

Rusiyanın gecə saatlarında Odessaya həyata keçirdiyi hücum nəticəsində 22 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum zamanı infrastruktur obyekti, yaşayış binaları, uşaq bağçası, mağaza və tikinti sahəsi zərər görüb:

"Xəsarət alan 22 nəfərdən 14-nün vəziyyəti yüngül olub və onlara tibbi yardım hadisə yerində göstərilib. Fövqəladə hallar xidmətləri gecə saatlarından etibarən zərbə endirilən ərazilərdə fəaliyyət göstərir, operativ qərargahlar yaradılıb. Zərərçəkənlərə bütün zəruri yardım göstərilir. Eyni zamanda, kommunal xidmətlərin əməkdaşları hücumun fəsadlarının aradan qaldırılması ilə məşğuldur. Zərər görmüş binaların sakinlərinə dövlətin "eBərpa" proqramı və şəhər büdcəsi hesabına kompensasiya alınması üçün sənədləşmə işlərində köməklik göstərilir".