BAKI, 27 yanvar. TELEQRAF
Zaqatala rayonunda qumar oyunlarında iştirak edən iki nəfər inzibati məsuliyyətə cəlb olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, rayon sakini, 1996-cı il təvəllüdlü Əmrah Mehdiyev (ad-soyad şərti verilib – red.) “Pinap” oyununda özünə məxsus nömrə və telefon ilə qeydiyyatdan keçib.
Onun profil yaratdığı və həmin profillə qumar oynadığı müəyyən edilib.
Mehdiyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Mehdiyevin sözlərinə görə, ailəlidir, ailənin bütün yükü üzərindədir: “Belə oyun oynayacaq maddi imkanım və zamanım yoxdur. Bir-iki dəfə çoxdan oynamışam. Daha sonra Rusiyaya getmişəm. Həmin telefon belə işlək deyil. Telefonu təmir etdirəcək imkanım da yoxdur. Əvvəllər qumar oynamağım bir xəta idi. Ancaq artıq qumar oyunları oynamıram”.
Zaqatala Rayon Məhkəməsinin qərarı ilə Mehdiyev 3 min manat cərimə edilib.