BAKI, 27 yanvar. TELEQRAF
Xabi Alonsonun "Liverpul"un baş məşqçisi təyin olunacağı təqdirdə rəhbərlikdən istədiyi transfer siyahısı bəlli olub.
Teleqraf "Indykaila News"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Mersisayd təmsilçisindən 4 futbolçunun transferini tələb edib.
O, "Tottenhem"dən Mikki van de Ven, "Kristal Pelas"dan Adam Uorton, PSJ-dən Bredli Barkola, "Bavariya"dan isə Maykl Olisenin keçidini istəyib.
Mənbənin məlumatına görə, bu transferlərin ümumi dəyəri təxminən 400 milyon funt-sterlinq civarında qiymətləndirilir. Artıq klub rəhbərliyi ilə Alonso arasında ilkin müsbət təmasların qurulduğu və tərəflərin əməkdaşlığa başlaya biləcəyi gözlənilir.
Alonso hazırkı baş məşqçi Arne Slotu əvəzləyəcək.
Qeyd edək ki, Xabi Alonso yanvarın 12-də "Real Madrid"in baş məşqçi postundan göndərilib. O, futbolçu kimi 2004-2009-cu illərdə "Liverpul"un şərəfini qoruyub.
Xatırladaq ki, "Liverpul" UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu turunda "Qarabağ"la qarşılaşacaq. Matç yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək.