BAKI, 17 yanvar. TELEQRAF

Vaşinqton Dəməşqi kürd silahlı birləşmələrinə qarşı hərbi əməliyyatların genişləndirilməsi halında yenidən sanksiyalarla hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə hər iki tərəflə gündəlik danışıqlar aparır. Eyni zamanda, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa ilə görüşərək onu kürdlərlə fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə razı salmağa çalışıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, danışıqlar zamanı amerikalı rəsmilər Dəməşqin kürd koalisiyası “Suriya Demokratik Qüvvələri”nə (SDQ) qarşı daha genişmiqyaslı hücuma başlaması halında Suriya hökumətinə qarşı sanksiyaların yenidən tətbiq ediləcəyi barədə xəbərdarlıq ediblər.