BAKI, 17 yanvar. TELEQRAF
Suriyanın keçid hökumətinə tabe olan silahlı qüvvələr Hələb vilayətində kürd silahlı birləşmələrinə qarşı hərbi əməliyyata start verib.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi operativ komandanlığın bəyanatına istinadla məlumat yayıb.
Məlumata görə, əməliyyat Fərat çayının qərb sahilində yerləşən, Hələb vilayətinə daxil olan Deyr-Hafer şəhəri ətrafında keçirilir. Bildirilir ki, Suriya silahlı qüvvələri “Suriya Demokratik Qüvvələri”nə (SDQ) daxil olan kürd koalisiyasının döyüşçülərinə və onların müttəfiqlərinə qarşı cavab tədbirlərinə başlayıb.
Operativ komandanlığın açıqlamasında qeyd olunub ki, zərbələr Kürdüstan Fəhlə Partiyasının mövqelərinə, eləcə də SDQ ilə müttəfiq olan və devrilmiş rejimin qalıqlarına məxsus obyektlərə endiriləcək. Bu obyektlərin Hələb şəhərinin yaşayış məhəllələrinə pilotsuz uçuş aparatlarının buraxıldığı hərbi bazalar kimi istifadə edildiyi bildirilib.