ABŞ Yaponiya qarşısında müdafiə xərclərini əlavə olaraq artırmaqla bağlı heç bir tələb irəli sürməyib.
Teleqraf xəbər verir ki, bu barədə Vaşinqtonda aparılan danışıqlardan sonra jurnalistlərə açıqlamasında Yaponiya müdafiə naziri Şinciro Koidzumi məlumat verib.
Şinciro Koidzuminin sözlərinə görə, ABŞ müdafiə naziri Pit Heqset ilə ilk görüş hələ 2025-ci ilin oktyabrında baş tutub və həmin vaxt Amerika tərəfi Yaponiyadan bu məsələ ilə bağlı heç bir tələb irəli sürməyəcəyini bildirib. Nazirin qeyd etdiyinə görə, bu mövqe son danışıqlarda da bir daha təsdiqlənib.
O, həmçinin bildirib ki, ABŞ tərəfi baş nazir Sanae Takaityenin həyata keçirdiyi müdafiə siyasətini və hərbi xərclərin mərhələli şəkildə artırılmasını yüksək qiymətləndirir.
Yaponiya müdafiə naziri vurğulayıb ki, Tokio və Vaşinqton birgə hərbi təlim və manevrlərin intensivləşdirilməsi barədə razılığa gəlib, eyni zamanda Hind-Sakit okean regionunda “aqressiyanın qarşısının alınması” istiqamətində əməkdaşlığın davam etdiriləcəyini təsdiqləyiblər. Onun sözlərinə görə, Yaponiya–ABŞ müttəfiqliyi dəyişməz olaraq qalır.
Qeyd edək ki, Yaponiya hökuməti 16 dekabr 2022-ci ildə yeni milli təhlükəsizlik strategiyasını təsdiqləyib. Sənəddə Yaponiyanın potensial düşmən ərazilərindəki hədəflərə cavab zərbələri endirmək hüququ nəzərdə tutulur, lakin preventiv hücumların yolverilməz olduğu xüsusi vurğulanır.
Strategiyaya əsasən, hərbi xərclərin 2027-ci ilə qədər NATO standartlarına uyğun olaraq ÜDM-in 2 faizinə çatdırılması planlaşdırılsa da, baş nazir Sanae Takaitye bu hədəfin daha tez reallaşdırılacağını bəyan edib. Bunun üçün Yaponiya hökuməti “Tip-12” raketlərinin uçuş məsafəsini artırmağı, öz hipersəs silahlarını hazırlamağı və ABŞ istehsalı olan “Tomahavk” qanadlı raketlərini satın almağı planlaşdırır.
Sanae Takaitye baş nazir seçildikdən qısa müddət sonra qlobal və regional təhlükəsizlik vəziyyətinin mürəkkəbləşdiyini əsas gətirərək milli təhlükəsizlik sahəsində əsas sənədlərin yenidən nəzərdən keçirilməsi barədə göstəriş verib.