BAKI, 4 mart. TELEQRAF
“Prezident İlham Əliyevin rəhbərliyi ilə elm və təhsil sahəsində mühüm islahatlar həyata keçirilir. Son 20 ildə ciddi və hiss olunan dəyişikliklər baş verib, bir sıra problemlər öz həllini tapıb”.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilən “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə deyib.
Nazir müavini bildirib ki, bu müddət ərzində 3600 məktəb tikilib və ya əsaslı təmir olunub, təhsil infrastrukturunun 90 faizi yenilənib.
K.Kərimzadə vurğulayıb ki, digər vacib istiqamətlərdən biri təhsil işçilərinin rifahının yaxşılaşdırılmasıdır:
“Həm peşə, həm də ali təhsil pilləsində əhatəliliyin artımı müşahidə olunur. Azərbaycanda peşə təhsili müəssisələri müasir infrastrukturla təmin edilir və yeni tədris imkanları yaradılır. Bütün bu addımlar Azərbaycan təhsilinin inkişafına xidmət edir, burada əsas rolu təhsilverənlər oynayır. Azərbaycan müəllimi güclüdürsə, ölkənin gələcəyi də güclü olacaq. Müəllimlər həm də gələcəyin qoruyucu sütunlarıdırlar”.