BAKI, 4 mart. TELEQRAF
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qurumun yaradılmasının 20 illiyi və 2025-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibdə Kollegiya iclası keçirilib.
Bu barədə Teleqraf-a komitədən məlumat verilib.
İclasdan öncə Komitə rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Komitə sədri Anar Quliyev qeyd edib ki, müstəqil Azərbaycanın memarlıq və şəhərsalma siyasəti Ümummilli lider Heydər Əliyevin güclü siyasi iradəsi və ardıcıl dövlət siyasəti əsasında formalaşıb və bu siyasət bu gün məhz Ulu Öndərin qoyduğu əsaslar üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz yeni nailiyyətlərə çatır, yeni zirvələr fəth edir.
Məhz bu siyasətin nəticəsi kimi 20 il öncə Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılmışdır.
Ötən müddət ərzində Komitə tərəfindən ölkə üzrə normativ bazanın və standartların təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib, ümumi və baş planların hazırlanmasında yeni yanaşmalar tətbiq edilib, müasir layihələndirmə üsullarının və texnologiyalarının tətbiqinə başlanılıb, şəhərsalma nəzarəti mexanizmi yaradılıb və şəhərlərin tarix-memarlıq mühitinin qorunması istiqamətində bir çox ardıcıl tədbirlər və islahatlar baş tutub.
Qeyd olunub ki, bu günədək ölkə üzrə 79 şəhərdən 67-nin Baş planı təsdiq olunub və qalan şəhərlərin planlarının yenilənməsi üzrə işlər davam edir. Ərazi planlaşdırma sənədlərinin hazırlanması zamanı tarixi-mədəni irsin qorunması, müasir memarlıq həlləri ilə uzlaşdırılması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi, ictimai nəqliyyat və piyada mühitinin inkişafı, yaşıl zonaların genişləndirilməsi, sosial infrastrukturun planlı yerləşdirilməsi və “ağıllı şəhər” texnologiyalarının tətbiqi istiqamətində görülən işlərə Anar Quliyev tərəfindən xüsusi diqqət çəkilib.
Ayrıca vurğulandı ki, Qarabağ və Şərqi Zəngəzurda yerləşən 12 şəhərdən 8-nin Baş planı artıq təsdiqlənib. Komitənin əsas icraçı qurumlardan olduğu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində 100-dən çox şəhər və kəndlətin ərazi planlaşdırılması sənədləri yəsdiq edilib. Artıq 40 yaşayış məntəqəsinə köç təmin olunub və həmin ərazilərdə 70 minə yaxın insan yaşayır, işləyir və təhsil alır ki, onlardan da 30 min nəfəri məcburi köçkündür.
Bunlarla yanaşı, şəhərsalma fəaliyyətinin rəqəmsallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən elektron müraciət sistemi (e-tikinti) yaradılıb və hazırda tikinti və istismara icazələrin alınması, fərdi yaşayış evləri ilə bağlı prosedurlar tam elektron qaydada aparılır. Eyni zamanda, Tikintilərin Dövlət Reyestri və vahid informasiya təminatı sistemi formalaşdırılıb ki, bütün bu tədbirlər şəhərsalma və tikinti proseslərinin şəffaf, çevik və effektiv idarə olunmasına imkan yaradır.
Anar Quliyev Komitənin memarlıq sənətinin inkişafı və yaradıcı mühitin təşviqi istiqamətində fəaliyyətini də qeyd edib, bu məqsədlə təsis edilən “Təməl” mükafatını memarların potensialının üzə çıxarılmasında mühüm təşəbbüs kimi qiymətləndirib.
Beynəlxalq əlaqələr sahəsində əldə edilmiş uğurlara toxunan Komitə sədri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Bakının ev sahibliyi etməsi ölkəmizin şəhərsalma sahəsində beynəlxalq nüfuzunun göstəricisi kimi diqqətə çatdırıb. Bunun digər nümunələri kimi Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçilməsi, habelə “Hər kəs üçün münasib mənzil” üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrliyi qeyd ediıdi.
Komitə sədri ölkə Prezidenti tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin bu sahələrə olan diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu qeyd etməklə, qarşıda duran vəzifələr barədə qeydlər etdi. Bunlar arasında şəhərsalma sənədlərinin hazırlanmasında keyfiyyət standartlarının yüksəldilməsi, regionların şəhərsalma nöqteyi nəzərdən balanslı inkişafının təmin edilməsi, memarlıq müsabiqələrinin təşviqi və rəqəmsal alətlərin tətbiqinin genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.
Yekunda Komitə sədri Anar Quliyev qarşıya qoyulan vəzifələrin davamlı və sistemli şəkildə icrası üçün tapşırıq və tövsiyələrini verib.