BAKI, 11 yanvar. TELEQRAF
İraqın əsas şiə blok və partiyalarını birləşdirən Koordinasiya Şurası Nuri əl-Malikini ölkənin yeni hökumətinin başçısı postuna namizəd kimi irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə İraqın "Baghdad Today" xəbər portalı məlumat yayıb.
Məlumata görə, Koordinasiya Şurasının iclasında iştirak edən tərəflər sabiq baş nazir Nuri əl-Malikinin növbəti hökumətə rəhbərlik etməsi ilə bağlı vahid razılığa gəliblər. Bildirilir ki, bu qərar yeni Nazirlər Kabinetinin tərkibi ilə bağlı digər siyasi qüvvələrlə yekun razılaşmaya hazırlıq çərçivəsində qəbul olunub. Namizədliyin rəsmi şəkildə nə vaxt elan ediləcəyi hələlik açıqlanmayıb.
Daha öncə yayılan məlumatlara əsasən, hazırkı baş nazir Məhəmməd əs-Sudani növbəti müddət üçün namizədliyini geri götürüb. "Al Hadath" telekanalının xəbərinə görə, əs-Sudani bu addımı Nuri əl-Malikinin namizədliyini dəstəkləmək məqsədilə atıb.
Qeyd edək ki, 2025-ci ilin noyabrında keçirilən parlament seçkilərindən sonra əs-Sudani yenidən baş nazir ola biləcəyini istisna etmirdi.
Xatırladaq ki, Nuri əl-Maliki 2006-cı ilin mayından 2014-cü ilin avqustunadək İraqın baş naziri vəzifəsini icra edib.